Azərbaycan Fintex Assosiasiyası (Azfina) ilə Türkiyənin bulud əsaslı texnoloji platforması Fimple arasında rəsmi əməkdaşlıq qurulub. Bu tərəfdaşlıq maliyyə texnologiyaları sahəsində innovativ yanaşmaların təşviqi və rəqəmsal keçid proseslərinin gücləndirilməsi məqsədi daşıyır.
2020-ci ilin dekabrında altı aparıcı maliyyə şirkəti tərəfindən təsis olunan Azfina, ölkədə rəqəmsal maliyyə ekosisteminin formalaşmasına, fintex sektorunun inkişafına və bazar iştirakçıları arasında effektiv əməkdaşlığa dəstək göstərir.
Əməkdaşlıq çərçivəsində birgə layihələr və texnoloji həllərin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu addım, fintex şirkətləri və maliyyə qurumları üçün daha çevik, innovativ və dayanıqlı infrastrukturun yaradılmasına imkan verəcək.
Fimple, banklar, fintech-lər və digər maliyyə institutları üçün modul əsaslı, low-code texnologiyası üzərində qurulmuş rəqəmsal platforma təqdim edir. Platformanın API-first yanaşması və avtomatlaşdırılmış proses imkanları, istifadəçilərə sürətli inteqrasiya və innovativ məhsulların inkişafı üçün geniş imkanlar yaradır.
Tərəfdaşlıq, həm Azərbaycanın fintex sektorunun güclənməsinə, həm də regional səviyyədə rəqəmsal maliyyə texnologiyalarının yayılmasına töhfə verməyi hədəfləyir.